Yoşko Qvardiol rəsmən “Mançester Siti”də!

Almaniyanın “Leypsiq” klubunun xorvat mərkəz müdafiəçisi Yoşko Qvardiol İngiltərə çempionu “Mançester Siti”yə keçib.

Arena.az bu barədə Mançester klubunun rəsmi saytına istinadən məlumat verir.

Qvardiolun “şəhərlilər”lə müqaviləsi 5 il müddətinə nəzərdə tutulub. Mətbuatda yayılmış xəbərlərə görə, Qvardiolun “Leypsiq”dən “Mançester Siti”yə transferi “şəhərlilər”ə 90 milyon avro, üstəgəl 10 milyon avro bonuslar müqabilində başa gəlib. Bu isə xorvat mərkəz müdafiəçisinin futbol tarixinin ən bahalı müdafiəçisi olduğu deməkdir. Buna qədər heç bir müdafiəçiyə bu qədər xərc çəkilməyib.

Geridə qalmış 2022/2023 mövsümündə Qvardiol “Leypsiq”in heyətində 41 oyuna çıxıb, 3 qol vurub. O, 2021-ci ilin yayında Zaqreb “Dinamo”sundan 18,8 milyon avro qarşılığında keçdiyi Almaniya klubunda bütövlükdə 87 oyun keçirib, 5 qol və 3 assistlə yadda qalıb.

Yoşko Qvardiol 2021-ci ildə debüt etdiyi Xorvatiya yığmasının heyətində 21 oyun keçirib, 2 qol vurub və DÇ-2022-nin bürünc medallarını qazanıb.

“Mançester Siti” sol cinah vingeri Karlos Forbs Borxesi də Niderland nəhəngi “Ayaks”a satıb. İngiltərə nəhəngi bu satışdan 14 milyon avro qazanıb. Amsterdam təmsilçisi yeni transferi ilə 5 illik müqavilə bağlayıb.

Lissabon “Sportinq”inin yetirməsi olan 19 yaşlı portuqal 2014-cü ildən “Mançester Siti”də idi. Ona bu klubun əsas komandasında oynamaq qismət olmayıb. Borxes hazırda Portuqaliyanın U-19 yığmasına da dəvət alır.

Andre Silva da “Leypsiq”i “Real Sosyedad”a dəyişdi

Qvardiolu satan “Leypsiq”in portuqal mərkəz hücumçusu Andre Silva da 2023/2024 mövsümünü icarə əsasında “Real Sosyedad”da keçirəcək. Bu barədə “Real Sosyedad”ın mətbuat xidməti məlumat yayıb. İspaniya klubu Andre Silvanı gələcəkdə satınalma hüququnu özündə saxlayır.

Andre Silva 2021-ci ildən “Leypsiq”də oynayır. O, “öküzlər”ə Frankfurt “Ayntraxt”ından qoşulub. Portuqal hücumçu əvvəllər “Sevilya”, “Milan” və “Portu” kimi yüksək səviyyəli komandalarda çıxış edib.

Geridə qalmış 2022/2023 mövsümündə Andre Silva “Leypsiq”in heyətində 44 oyuna çıxıb, 9 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Təcrübəli hücumçunun Portuqaliyanın bütün yaş qrupları üzrə yığmalarında və əsas yığmada oyun təcrübəsi var. Andre Silva Portuqaliya yığmasında 53 oyun keçirib, 19 qol vurub, 2019 UEFA Millətlər Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı Andre Silvanı 15 milyon avro məbləğində qiymətləndirir.

“Real Sosyedad” ötən mövsümü La Liqada 4-cü yerdə başa vurub və bununla da növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

“Leypsiq” 22 yaşlı mərkəz müdafiəçisi Frederik Yakeli də “Elversberq”ə icarəyə verib. Alman futbolçu da qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Leypsiq”in öz yetirməsi olan Yakel daha öncə “Ostende” və “Arminya”da (Bilefeld) da icarədə oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: