Yozua Kimmix – Almaniya yığmasının yeni kapitanı

“Bayern”in yarımmüdafiəçisi Yozua Kimmix futbol üzrə Almaniya yığma komandasının yeni kapitanı təyin edilib.

Arena.az “Eurosport” dərgisinə istinadən məlumat verir ki, bundestimin baş məşqçisi, alman mütəxəssis Yulian Nagelsman qərarını bazar ertəsi, sentyabrın 2-də yığma komandanın Hertsogenauraxdakı düşərgəsində elan edib:

“Yozua Avropa Çempionatında üç kapitandan biri idi, ona görə də onun İlkay Gündoğanın yerinə bir nömrəli namizəd olması məntiqlidir.

O, bütün dəstəyə nümunədir, hər zaman əlindən gələni edir, həmişə məşq etmək istəyir, bəzən hətta həddindən artıq səy göstərir, həmişə irəli gedir. Avropa çempionatında o, sağ cinah müdafiəçisi mövqeyində yeni ölçü təyin etdi”, deyə Nagelsman seçimini əsaslandırıb.

29 yaşlı Kimmix ilk dəfə sentyabrın 7-də Düsseldorfda UEFA Millətlər Liqası çərçivəsində Macarıstan yığması ilə oyunda komandanın kapitanı olacaq. Yozua əvvəllər kapitan köməkçisi kimi kapitan vəzifəsini icra edib.

Kimmixin müavinləri Antonio Rüdiger və Kay Haverts olacaqlar. Bundan əlavə, yeni komanda şurasına Conatan Ta, Paskal Qros, Niklas Füllkruq və Mark-Andre ter Ştegen daxildirlər.