Almaniya çempionu “Bayern”in yarımmüdafiəçisi Yozua Kimmix Münhen təmsilçisinin düşərgəsindəki gələcəyindən danışıb.
Arena.az xəbər verir ki, “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq 29 yaşlı futbolçu bunları söyləyib:
“Mənim müqaviləm hələ 2025-ci ilə qədər qüvvədədir. Mən bu klubda ən yaxşı çıxışımı göstərmək istəyirəm, sonra isə nə olacağını görəcəyik. Əlbəttə ki, burada xoşbəxtəm, klubdan və şəhərdən, təbii ki, razıyam”.
“Bayern”in idman direktoru Maks Eberl də Yozua Kimmixin gələcəyi haqda danışıb:
“Kimmixin gələcəyi yeni məşqçidən asılıdırmı? Düşünürəm ki, yeni baş məşqçi fərqli dünyagörüşünə malikdir, o, oyunçuya fərqli baxır və bunu əsasən, gözləməli və görməliyik. Amma Yozua ilə də danışmaq istərdim, söhbət hələ baş tutmayıb, amma mütləq olacaq, çünki o, çox vacib oyunçudur və “Bayern” üçün layiqli oyunçudur”, deyə Eberl vurğulayıb.
Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro müqabilində “Ştutqart”dan keçib. Onun Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kimmix münhenlilərin heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Kimmixin “Bayern”in heyətində ümumi statistikası isə belədir: 377 oyun, 41 qol, 101 məhsuldar ötürmə.
Kimmix Almaniya nəhənginin heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 82 oyuna 6 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir. Alman futbolçunun adı son dövrlərdə Avropanın müxtəlif klubları ilə birgə hallanır.


