Yüksək Liqa: “Azərreyl” Azərbaycan çempionu oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionatının (Yüksək Liqa) 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün Bakı İdman Sarayında keçirilən final matçında “Azərreyl” və “Murov” komandaları üz-üzə gəliblər.

Oyundan əvvəl regional voleybol klublarının yeniyetmə oğlan voleybolçuları və finalçıların iştirakı ilə komandaların paradı baş tutub. Sonra Azərbaycan çempionatının kuboku meydançaya gətirilib. Ardınca Dövlət Himni səsləndirilib və qarşılaşma start götürüb.

Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili və Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinin də izlədiyi oyun gərgin keçib.

“Azərreyl” ilk setdə qalib gəlsə də, növbəti iki hissəni “Murov” aktivinə yazdırıb. Dördüncü setdə qələbə qazanan “Azərreyl” ümumi hesabı bərabərləşdirib və matçın taleyi tay-brekdə həll olunub. Həlledici hissədə 15:13 hesabı ilə qalib gələn “Azərreyl” finaldan 3:2 hesablı qələbə ilə ayrılıb və Azərbaycan çempionu adını qazanıb.

“Murov” isə Yüksək Liqanın gümüş medalına sahib çıxıb. Bürünc medalı isə üçüncü yer uğrunda görüşdə MOİK-i məğlub etmiş “Neftçi” klubu qazanıb.

Qeyd edək ki, komandalara medallar sabah keçiriləcək mükafatlandırma mərasimində təqdim olunacaq.

Yüksək Liqa
Final
22 aprel

“Azərreyl” – “Murov” 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: