Yüksək Liqa: Debütantlar üçün bir qələbə, bir məğlubiyyət

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün daha iki qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində UNEC ölkə birinciliyində ilk dəfə çıxış edən “Milli Aviasiya Akademiyası” komandası ilə qarşılaşıb.

Oyun debütantın üstünlüyü ilə keçib. İlk setdə 25:16 hesabı ilə qalib gələn akademiya komandası növbəti hissələrdə də rəqibindən üstün oyun göstərib və yekunda 3:0 hesablı qələbəyə sevinib.

Bu gün isə ölkə birinciliyində debüt edən “Gəncə” komandası Bakının “Murov Az Terminal” kollektivini qəbul edib. Gəncə Olimpiya İdman Kompleksində keçirilən görüşdən əvvəl yerli komandanın Yüksək Liqada mübarizəyə başlaması, həmçinin ölkə çempionatının oyunlarının paytaxtla yanaşı bölgələrdə də təşkili münasibətilə tədbir təşkil olunub. İlk dəfə voleybol üzrə ölkə birinciliyinin oyunlarına ev sahibliyi edən Gəncə Olimpiya İdman Kompleksinin tribunaları yerli azarkeşlərlə dolu olub. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, digər rəsmi qonaqlar, federasiyasının nümayəndələri də iştirak ediblər. Voleybolsevərlər tərəfindən maraqla qarşılanan açılış tədbirindən sonra isə qarşılaşmaya start verilib.

Gəncədəki görüş qonaqların üstünlüyü ilə keçib. Bakı klubu hər üç setdə üstün olub . Beləliklə, Yüksək Liqaya quru hesablı qələbə ilə başlayan “Murov Az Terminal” ilk xallarını aktivinə yazdırıb.

Qeyd edək ki, “Gəncə” klubu çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.

Yüksək Liqa (qadınlar)

UNEC – Milli Aviasiya Akademiyası 0:3 (16:25, 14:25, 7:25)

Gəncə – Murov Az Terminal 0:3 (25:18, 25:17, 25:18)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: