Yüksək Liqa: “Murov” 1-ci, “Neftçi” 4-cü oldu

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) sonuncu – 20-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, müntəzəm mövsümün sonuncu turunun bütün görüşləri eyni günə təsadüf edib.

Günün ilk oyununda MOİK “Gənclər” komandasına 3:0 hesabı ilə qalib gəlib. Daha sonra “Neftçi” və “Xilasedici” klubları üz-üzə gəliblər. Bu qarşılaşma “Xilasedici”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun son oyunu isə gərginliyi ilə yadda qalıb. Bu qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. “Murov” “Azərreyl”i 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, kişi voleybolçuların Yüksək Liqasının ilkin mərhələsi başa çatıb. Dövrə oyunlarının nəticələrinə görə, yarımfinalda turnir cədvəlinin birincisi olan “Murov” dördüncü yerin sahibi “Neftçi” ilə qarşılaşacaq. İkinci olan “Azərreyl” isə üçüncü yeri tutan “Xilasedici” komandası ilə qarşılaşacaq. Turnir cədvəlində 5-ci və 6-cı yerlərdə olan MOİK və “Gənclər” komandaları isə ölkə birinciliyində mübarizəni dayandırıblar.

Qeyd edək ki, kişi voleybolçuların pley-off mərhələsinin oyunları 16-18 aprel tarixlərində keçiriləcək. Yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi “qızıl set”də müəyyənləşəcək.

Yüksək Liqa
20-ci tur
13 aprel

MOİK – “Gənclər” 3:0 (25:21, 25:21, 25:18)
“Neftçi” – “Xilasedici” 1:3 (20:25, 25:18, 25:23, 26:28)
“Murov” – “Azərreyl” 3:2 (15:25, 19:25, 27:25, 25:18, 15:10)

Xallar: Murov – 48. Azərreyl – 46. Xilasedici – 45. Neftçi – 29. MOİK – 11. Gənclər – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: