Voleybol üzrə Azərbaycan çempionatlarının (Yüksək Liqanın) 2023/2024 mövsümündə açılış mərasiminin və ilk oyunun vaxtı açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışın açılış mərasimi noyabrın 6-da, saat 15:45-də Bakı İdman Sarayında baş tutacaq.
Bunun ardından ilk oyun keçiriləcək. Həmin qarşılaşma qadınlardan ibarət “Azərreyl” və “Abşeron” arasında olacaq. Mərkəzi görüş olaraq müəyyənləşdirilən, 5-ci turun bu matçı saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yeni mövsümdə Azərbaycan çempionatlarında 6 qadın, 6 kişi komandası iştirak edəcək. Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. İlk 4 pilləni tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər. Orada 2 oyun (tərəflər hərəsi bir qələbə qazanarsa və setlər bərabər olarsa, “qızıl set” oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 qarşılaşma keçiriləcək.
Qadınlar: “Abşeron”, “Azərreyl”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”, UNEC.
Kişilər: “Azərreyl”, “Xarı Bülbül” (Laçın), “Xarı Bülbül” (Şuşa), MOİK, “Murov Az Terminal”, “Neftçi”.
Yeri gəlmişkən qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının (CEV) Prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev noyabrın 5-də Bakıya səfər edəcəklər. Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasimində iştirak edəcəklər. Onlar həmçinin həmçinin Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər. Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub.


