Yulian Brandt “Borussiya” ilə yeni müqaviləyə imza atdı

Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Yulian Brandt Bundesliqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaq. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti isə 2024-cü ilin yayına kimi idi.

Xatırladaq ki, Yulian Brandt 2019-cu ilin iyul ayında “Bayer”dən 25 milyon avro qarşılığında “Borussiya”ya gəlib. Almaniyalı futbolçu Dortmund təmsilçisində indiyə qədər 162 oyuna çıxıb. O, bu görüşlərdə 29 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.

Vaxtilə yetirməsi olduğu “Volfsburq”da yalnız U-17 və U-19 komandalarının formasını geyinmiş Brandt, daha çox “Bayer”dəki çıxışı ilə məşhurlaşıb. Yarımmüdafiəçi 2014-2019-cu illər aralığında bu komandada 215 oyun keçirib, 42 qol və 51 assist müəllifi olub. O, 2016-cı ildən formasını geyindiyi Almaniya milli komandasında da 39 oyuna 3 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: