“Bayern”in sabiq baş məşqçisi, alman mütəxəssis Yulian Nagelsman Almaniya yığma komandasını çalışdırmağa çox yaxındır.
Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Alman Futbol İttifaqı (DFB) Nagelsmanla demək olar ki, razılığa gəlib. Tərəflərin tezliklə bütün sənədləri imzalaması və məşqçinin təyinatının rəsmən elan edilməsi gözlənilir.
Vurğulanır ki, Yulian Nagelsmanın yığmadakı işi müqabilində məvacibi gənc mütəxəssisin ötən ilin martında tərk etdiyi “Bayern”dəki maaşından qat-qat az olacaq.
Xatırladaq ki, daha əvvəl Alman Futbol İttifaqının Nagelsmana DÇ-2026-ya qədər müqavilə təklif etməyi nəzərdə tutduğu barədə məlumat yayılmışdı.
Almaniyanın təşkil edəcəyi AÇ-2024 gələn il iyunun 14-dən iyulun 14-dək müddətdə keçiriləcək. Turniri 10 şəhər qəbul edəcək və oyunlar 10 stadionda baş tutacaq.
Yulian Nagelsman 2021-ci ilin iyul ayından “Bayern”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 84 matça çıxarıb. Münhen təmsilçisi bu görüşlərdə 60 qələbə qazanıb, 14 heç-heçə edib və 10 qələbə qazanıb. Nagelsman “Bayern”dən öncə “Leypsiq” və “Hoffenhaym”da da baş məşqçi kimi çalışıb.


