Almaniyanın “Hoffenhaym” klubunun hücumameyilli yarımmüdafiəçisi Yulian Yustvan 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”ə keçib.
Arena.az xəbər verir ki, bir müddət öncə Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də heyətinə qatmış nürnberqlilər Yustvanın keçidi üçün Bundesliqa klubuna 1 milyon avro ödəyiblər.
26 yaşlı futbolçu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Yulian Yustvan “1860 Münhen”, “Volfsburq” kimi klublar ikinci komandalarında oynadıqdan sonra 2020-ci ildə “Paderborn”a keçib. “Hoffenhaym” yarımmüdafiəçini 2023-cü ilin iyul ayında 2 milyon avro müqabilində heyətinə qatmışdı. Almaniyalı futbolçu elita təmsilçisinin heyətində cəmi 6 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Yustvan vaxtilə Almaniyanın U-18 yığmasının heyətində 7 oyun keçirib, 1 qola imza atıb.

“Hoffenhaym”ın digər hücumameyilli yarımmüdafiəçisi Məhəmməd Damar da “Elversberq”ə keçib. Sözügedən klub 20 yaşlı futbolçunu cari mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, gənc futbolçu bu mövsüm “Elversberq”də təcrübə topladıqdan sonra gələn yay yenə “Hoffenhaym”a qayıdacaq.
Məhəmməd Damar “Şöneberq”, “Herta”, “Ayntraxt” (Frankfurt) kimi klubların futbol akademiyalarından keçib. O, peşəkar karyerasına 2022-ci ildə transfer olunduğu “Hoffenhaym”da başlayıb. Bu klubun əsas komandasında cəmi 6 oyun keçirmiş Damar fərqlənə bilməyib. Ötən mövsümü isə o, “Hannover”də icarədə keçirib.
Əslən Türkiyədən olan Məhəmməd Damar Almaniyada dünyaya göz açdığı üçün bu ölkənin U-18, U-19 və U-20 yığmalarında forma geyinib.


