“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 5-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə paytaxt təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Birinci hissədə istədiyimiz kimi oynayırdıq. Hansısa komanda 0:2 öndə olarkən hesab bərabərləşirsə, bu, yaxşı hal deyil. Futbolçulara demişəm ki, belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamalı deyilik. Anlayıram ki, süni örtüklü meydançada oynamaq çətindir. Amma “İmişli” də eyni meydançada oynayır. Səhvləri araşdıracağıq, hər kəslə danışacağıq. Çox yersiz 2 qol buraxdıq. Bunları etməməli idik.
Axtarışdayıq. Mərkəz müdafiəçiləri ilə digər oyunçular arasında əlaqələri yoxlamaq üçün bu cür gedişlər edirik. Əsas odur ki, əlimizdə 4 yaxşı mərkəz müdafiəçisi var. Hamı oynamaq istəyir. Çalışacağıq ki, hamıya şans verək.
Qustavo Klisman gözəl qol vurdu. Amma bundan da yaxşı qollar görmüşəm. Məni sevindirən odur ki, yeni oyunçular performanslarını artırıblar. Digər xoş tərəf isə odur ki, meydana sonradan buraxdığımız futbolçu belə gözəl qol vurdu və bizə qələbə qazandırdı”.
“İmişli”nin baş məşqçisi Fərid Namazov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Neftçi” 4 turda 3 qələbə qazanmışdı. Əlbəttə, onların məqsədi çempion olmaqdır. Təzyiqin olacağını bilirdik. “Neftçi”nin ilk 15 dəqiqədə hücum edib hesabı açmağa çalışacağını gözləyirdik. Təzyiqi üzərimizdən atıb öz oyunumuzu oynamağa çalışırdıq. İlk 15 dəqiqə heç də yaxşı alınmadı. Birinci qolu buraxdıq, ardınca 2-ci qol… Daha sonra sistem dəyişikliyinə getdik. Meydandakı oyunçuların yerlərini dəyişdik. Şükürlər olsun ki, tez toparlandıq və fasiləyə bərabərliklə getdik. İlk 20 dəqiqə “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Sonra oyunu bərabərləşdirməyə çalışdıq. Reallıq odur ki, “Neftçi” dominant oynayırdı. Bizim planımız əks-hücumlarda, keçidlərdə üstünlük yaratmaq idi.
Vüsal Qəmbərovu artıq “Şəfa” ilə anlaşıb. Mövsümün əvvəlindən təklifləri var idi. “Şəfa”nın təklifi daha cəlbedici olduğu üçün klublar arasında razılıq əldə olundu. Vüsal Qəmbərov bundan sonra “Şəfa”nın şərəfini qoruyacaq”.


