“Sauthempton”un yeni baş məşqçisi İvan Yuriç “müqəddəslər”in İngiltərə Premyer Liqasında qalmaq imkanı haqda söhbət açıb.
Arena.az “Futbol Italia” nəşrinə istinadən məlumat verir ki, xorvat mütəxəssis komandasına “Atalanta”nın üslubunda oynamağı planlaşdırdığını da bildirib:
“Mən bunun çox çətin bir iş olacağını başa düşürəm, daha əvvəl kimsə belə tarixçə ilə Premyer Liqada qalmayıb, amma çoxlu yaxşı oyunçularımız var və oyunun bəzi məqamlarında biz daha yaxşı ola bilərik. Mən nikbinəm, zehniyyəti gördüm və bu, hər şeyi yaxşılaşdırmaq üçün ilk addımdır. Bizə müstəsna bir xüsus gərəkdir. Uşaqlar kimsənin etmədiyi bir işi etmək üçün çox həvəsli olmalıdırlar.
Komandam necə oynayacaq? Bu, yüksək təpki üslubudur. Mən istəyirəm ki, komandam çox rəqabətli və etibarlı olsun, zaman keçdikcə isə biz topa nəzarət etməyi və daha yaxşı hücum etməyi öyrənəcəyik.
Ola bilsin ki, insanlar mənim, “Torino” və ya “Verona”dakı oyun tərzimi bilmirlər, axı biz Avropada oynamamışıq. Amma bu, “Atalanta”nın tərzidir və siz onların “Arsenal” və ya “Liverpul”a qarşı oyununu görmüsünüz. Biz yüksək təzyiq etmək istəyirik”, deyə Yuriç vurğulayıb.
İngiltərə Premyer Liqasında keçirdiyi 17 oyundan “Sauthempton” cəmi 6 xal qazanıb – 1 qələbə və 3 heç-heçə. “Müqəddəslər” yarış cədvəlinin sonuncu – 20-ci pilləsində “qapazaltı” olaraq qərarlaşıblar.
Xatırladaq ki, “Sauthempton” bir neçə gün öncə 49 yaşlı xorvat mütəxəssis İvan Yuriçlə 1,5 illik müqavilə imzalayıb. Yuriçin sonuncu iş yeri isə “Roma” olub. “Roma” 2024-cü ilin sentyabrında italyan mütəxəssis Daniele De Rossini istefaya göndərdikdən sonra, “canavarlar”ın sükanını İvan Yuriçə etibar etmişdi. Amma xorvat mütəxəssis uğursuz nəticələrə görə cəmi iki ay sonra – noyabrda “canavarlar”ın baş məşqçisi vəzifəsindən azad edilib. Yuriç “Roma”nı 12 oyuna çıxarıb, 4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət yaşayıb.
İvan Yuriçin əlinin altından həmçinin “Mantova”, “Krotone”, “Cenoa”, “Verona” və “Torino” keçiblər.