“Yuventus”un prezidenti Canluka Ferrero UEFA-nın klubu avrokuboklardan kənarlaşdırmasına və cərimələməsinə münasibət bildirib.
Arena.az bu barədə “Yuventus”un rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, UEFA “Yuventus”u maliyyə feyr-pleyi qaydalarını pozduğuna, maliyyə fırıldağında iştiraka görə 2023/2024 mövsümündə avrokuboklarda iştirakdan məhrum edib.
“Biz UEFA Klubların Maliyyə Nəzarəti qurumunun qərarından təəssüflənirik. Biz öz davranışımızın qanunauyğunluğuna və dəlillərimizin əsaslılığına qəti şəkildə əminik.
Lakin biz bu qərardan apellyasiya şikayəti verməmək qərarına gəldik. Bu, ötən ilin mayında UEFA Klubların Maliyyə Nəzarəti orqanı ilə mübahisələrdə qəbul edilmiş qərara uyğundur. Bu halda olduğu kimi, biz qeyri-müəyyənlik dövrünü başa vurmağa və klubun gələcək beynəlxalq yarışlarda iştirakı ilə bağlı maraqlı tərəflərimizə tam şəffaflıq və inam təmin etməyə üstünlük veririk. Qeyri-müəyyən nəticələr və vaxt qrafikləri ilə başqa bir hüquqi səviyyəyə müraciət, 2024/2025 UEFA Çempionlar Liqasında mümkün iştirakımızla bağlı qeyri-müəyyənliyi artıracaq. Bunun əvəzinə komandanın, azarkeşlərimizin, sponsorlarımızın, tədarükçülərimizin və maliyyə tərəfdaşlarımızın 2023/2024 mövsümünü, xüsusən də qeyri-sakit keçən mövsümdən sonra, meydanda nəticə əldə etmək üçün mütləq dinclik və inamla keçirə bilmələrini istəyirik”, deyə Ferrero bildirib.
Vurğulayaq ki, UEFA “Qoca sinyora”nı üstəlik 20 milyon avro məbləğində cərimələyib.
Xatırladaq ki, Turin komandası ötən mövsüm A Seriyasını 62 xalla 7-ci sırada başa vurmuşdu. Adı çəkilən maliyyə fırıldağında təqsirləndirilmiş “Qoca sinyora”nın hesabından 10 xal silinmişdi. Bununla belə, “byankoneri” 2023/2034 mövsümündə Avropa Konfrans Liqasına vəsiqə qazanmışdı. UEFA-nın yekun qərarından sonra turinliləri Avropa Konfrans Liqasında İtaliyanın digər klubu “Fiorentina” təmsil edəcək.


