İtaliya nəhəngi “Yuventus” komandanın braziliyalı mərkəz müdafiəçisi Qleyson Bremerlə əməkdaşlıq müddətini uzadıb.
Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Yeni müqavilənin maliyyə təfərrüatı haqda məlumat verilmir.
Bremer Braziliyanın “Deportivo”, “San-Paulu”, “Atletiko Mineyro” klublarının futbol məktəblərindən keçərək böyük futbola gəlib. 2018-ci ilin yayında, iyunda Bremer “Atletiko Mineyro”nun əsas heyətinə düşə bilib və cəmi bircə ay sonra, iyulda “Torino”nun skautlarının diqqətini çəkərək, Turin klubuna transfer edilib. “Torino” bu transferə 5,8 milyon avro məbləğində xərc çəkib. 2022-ci ilin iyulunda Bremer Turin nəhəngi “Yuventus”un maraq dairəsinə düşüb və “qoca sinyora” 41 milyon avro müqabilində Bremeri “Torino”dan transfer edib.
Cari mövsümdə Bremer “Yuventus”un heyətində bütün yarışlarda 17 oyun keçirib, 1 qol vurub. Bremerin “byankoneri”nin heyətində ümumi oyun mənzərəsi belədir: 60 oyun, 6 qol, 1 məhsuldar ötürmə.
Qleyson Bremer 2022-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Bremer karyerası ərzində böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


