“Yuventus” bu mübadiləyə görə “Çelsi”dən əlavə xərc tələb edir

“Yuventus” serb hücumçusu Duşan Vlahoviçi “Çelsi”nin belçikalı hücumçusu Romelu Lukaku ilə dəyişməyə hazırdır.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Qoca sinyora” bu dəyiş-düyüşə hazırlığına rəğmən, “zadəganlar”dan 40 milyon avro məbləğində əlavə ödəniş də tələb edir. Əks halda, turinlilər bu müqavilənin gerçəkləşməsinə razı olmayacaqlar. “Çelsi” sövdələşməni tamamlamaq üçün “Yuventus”un bu xərcini də çəkməlidir. Bu amil “zadəganlar”ı düşünməyə sövq edib. Hazırda “Çelsi”nin rəhbərliyi komandanın Duşan Vlahoviçə həqiqətən də ehtiyacı olub-olmadığını təhlil edir. Digər tərəfdən, klubda müvafiq oyunçu mübadiləsinin məqsədəuyğunluğuna tam əmin olmayan cəbhə də formalaşıb. Öz növbəsində, “Qoca sinyora” sövdələşmənin məhz təklif etdiyi şəkildə tamamlanmasında israrlıdır.

Yeri gəlmişkən, Romelu Lukaku nə təklif aldığı Səudiyyə Ərəbistanına yollanmaq, nə də “Çelsi”yə qayıtmaq istəyir. Ötən mövsüm icarə əsasında çıxış etdiyi “İnter”in qapıları isə, Lukakunun milanlılardan gizlin, “Yuventus”la razılaşma əldə etməsi səbəbilə belçikalı hücumçunun üzünə bağlıdır.

Lukaku 2022/2023 mövsümündə “neradzurri”nin heyətində 37 oyununa çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Duşan Vlahoviç “Yuventus”a 2022-ci ilin yanvarında “Fiorentina”dan keçib. Serb hücumçu ötən mövsüm “zebr”lərin heyətində 42 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib.

Vlahoviçin “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 23 yaşlı Duşan Vlahoviçi 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: