İtaliya A Seriyasının 23-cü turunda “İnter” – “Yuventus” oyunu (1:0) zamanı və sonra baş vermiş dava-dalaşa görə hər iki klub cərimələnib.
Arena.az “Forza Juventus” dərgisinə istinadən məlumat verir ki, azarkeşlərin münaqişəsi hər iki kluba 10 min avro cərimə bahasına başa gəlib.
Xatırladaq ki, “Cüzeppe Meatsa” stadionu yaxınlığında azarkeşlər polisə yaxınməsafəli əldəqayırma partlayıcı qurğularla (kağıza bükülmüş barıt) hücum ediblər, nəticədə polis maşınlarından birinə ziyan dəyib. Azarkeşlər həmçinin “Yuventus” azarkeşlərini daşıyan avtobusun altına fişənglər atıblar. Polis xuliqanlara qarşı əməliyyat keçirib və nəticədə 50-yə yaxın “neradzurri” azarkeşini saxlayıb.
Qələbə sayəsində “İnter” “Yuventus”un 17 oyunluq (13 qələbə, 4 heç-heçə) məğlubiyyətsizlik silsiləsini qırıb. “Neradzurri” özü isə 16 oyunluq (13 qələbə, 3 heç-heçə) məğlubiyyətsizlik silsiləsini sürdürür.
Hazırda “İnter” A Seriyasında keçirdiyi 22 oyundan 57 xalla turnir cədvəlinin vahid lideridir. 22 oyundan 53 xal toplamış “Yuventus” isə 2-ci pillədə qərarlaşıb.


