“Yuventus”un kapitanı Danilo UEFA-nın qərarına münasibət bildirib

“Yuventus”un kapitanı Danilo UEFA-nın Turin klubunu 2023/2024 mövsümündə avrokuboklardan kənarlaşdırılmasına münasibət bildirib.

Arena.az bu barədə jurnalist Alfredo Pedullanın saytına istinadən məlumat verir:

“Əlbəttə, biz avrokuboklarda oynamaq istəyirdik, lakin klub bundan uzunmüddətli perspektivdə qazanacaqsa, daha yaxşı olar. Bu mövsüm diqqətimizi A Seriyasına və İtaliya Kubokuna cəmləyəcəyik. Məqsədimiz, yenidən skudettonu qazanmaq və “Yuventus”u İtaliya futbolunun zirvəsinə qaytarmaqdır. Son illərdə bizdə bu əskik idi”, deyə kapitan Danilo bildirib.

“Yuventus” geridə qalmış 2022/2023 mövsümünü A Seriyasında 62 xalla 7-ci sırada bitirib. Maliyyə fırıldaqlarında iştirakı sübuta yetirilmiş “Qoca sinyora” pul cəriməsi ilə yanaşı, komandanın çempionatda topladığı xal hesabından 10 xalın silinməsi ilə cəzalanıb. “Byankoneri” 2023/2024 mövsümündə Avropa Konfrans Liqasında çıxış etməli idi. UEFA-nın məlum qərarından sonra “Yuventus” bu imkandan məhrum edilib. Klub rəhbərliyi UEFA-nın müvafiq qərarından şikayət verməmək qərarına gəlib və bu mövqeyini 2024/2025 mövsümü avrokubok yarışlarında mümkün iştirak perspektivində problem yaşamamaq istəyi ilə əsaslandırıb.
Ötən mövsümdə “Qoca sinyora” UEFA Çempionlar Liqasının qrup mərhələsindən kənarda qalıb, daha sonra Avropa Liqasının yarımfinalına qədər irəliləyərək, mübarizəni dayandırıb. “Yuventus” İtaliya kubokunda da mübarizəni yarımfinalda dayandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: