Məşhur fransalı futbol mütəxəssisi Zindəddin Zidanın böyük oğlu, artıq keçmiş yarımmüdafiəçi Entso Zidan futbolçu karyerasına xitam verib.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Butslarını asılqandan asmağa qərar vermiş 29 yaşlı Entso bütün diqqətini ailəsinin qayğısına qalmağa və sərmayə qoyuluşu fəaliyyətinə yönəltməyi planlaşdırır.
Fransalı yarımmüdafiəçi Entso Zidan futbola “Yuventus”un akademiyasında qədəm qoyub, 10 yaşında isə “Real”ın strukturuna daxil olub və klubun bütün mərhələlərini keçib. 2016-cı ilin avqust ayının 16-da Entso “qaymaqlılar”ın əsas komandasında debüt fürsəti də qazanıb.
Bununla belə, hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış edən Entso Zidanı futbol ölçüləri ilə ortabab oyunçu olaraq xüsuslandırmaq olar.
Entso Zidan futbolçu karyerası ərzində “Alaves”, “Lozanna”, “Rayo Maxadahonda”, “Aveş”, “Almeriya”, “Rodez” və “Fuenlabrada” komandalarında da oynayıb.
Entso Zidanın futbolçu karyerası 203 oyun, 13 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Entso heç milli komandanın heyətində çıxış etməyib və dünyaca məşhur atasından fərqli olaraq, futbolda heç bir qənimət qazanmayıb.


