Ötənlərin məşhur futbolçusu Zinəddin Zidan futbolçu karyerası ərzində oynaya bimədiyi üçün təəssüfləndiyi klub haqda söhbət açıb.
Arena.az “Give me Sport” dərgisinə istinadən məlumat verir ki, veteran futbolçu Fransa nəhəngi Marsel “Olimpik”inin şərəfini qoruya bilmədiyi üçün məyusluğunu ifadə edib:
“Marsel “Olimpik”i indi yaxşı gedir. Mən burada oynamamışam, amma bu arzu-istəyim olub, təəssüf ki, bu, həyata keçmədi. Mən onların statdionunu ziyarət edəndə, infrastrukturlarını görəndə, başa düşdüm ki, bu, həqiqətən də böyük klubdur. Burada çoxlu maraqlı şeylər var”, deyə Zidan vurğulayıb.
Marsel “Olimpik”i 1899-cu ilin avqust ayının 31-də təsis edilib. “Olimpik” ev oyunları Marselin 67 min nəfərdən artıq tutuma malik məşhur “Velodrom” stadionunda keçirir. Marsel “Olimpik”i Fransanın ən adlı-sanlı, aparıcı və qənimətlərlə zəngin iki-üç klubundan biridir.
Vurğulayaq ki, hazırda PSJ-nin bərk getməsinə rəğmən, Fransa nəhəngi adını məhz Marsel “Olimpik”i daşıyır. Belə ki, məhz Marsel klubu 1993-cü ilin Çempionlar Liqasının finalında “Milan” üzərində 1:0 hesablı qələbə qazanraq, Fransanın, qitənin ən mötəbər klub yarışında ilk və hələ ki son qalibiyyətini qazanmış klubu olaraq qalır.
Həmçinin Marsel “Olimpik”i Fransa çempionatının (9 dəfə), Fransa Kubokunun (10 dəfə), Fransa Liqa Kubokunu (3 dəfə), Fransa Super Kubokunun (3 dəfə) və İntertoto Kubokunun (2005) qalibidir.
Marsel “Olimpik”inin fransız keçmiş hücumçusu Jan-Pyer Papen 1991-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. Klubun yuqoslaviyalı hücumçusu Yosip Skoblar isə 1971-ci ildə 44 qolla Avropanın “Qızıl buts” mükafatını qazanıb.
Əlavə edək ki, Marsel klubunun tarixində qara ləkə də var. Belə ki, 1994-cü ildə oyun alqı-satqısında ittihamla üzləşərək təqsiri sübuta yetirilmiş “Olimpik” Fransa çempionu adından məhrum edilərək, ikinci diviziona göndərilib.
Hazırda “Olimpik” 22 oyundan 46 xalla Fransa Liqa 1-in yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Fransa çempionatına 56 xalla PSJ başçılıq edir.


