Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Zirə” bu gün Avropa Konfrans Liqasının 2025/2026 mövsümündə ilk sınağına çıxır.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu turnirin 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandası ilə mübarizə aparacaq.
Azərbaycan və Xorvatiya təmsilçiləri arasındakı ilk görüş bu gün Bakıda baş tutacaq. 8-ci km qəsəbə stadionunda təşkil ediləcək qarşılaşmaya saat 19:30-da start veriləcək. Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Qəsəbə təmsilçisi çətin səfər matçı öncəsi doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Əks halda Azərbaycan klubu üçün mərhələ adlamaq çətinləşə bilər.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü bu ayın 31-də Splitdə baş tutacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
19:30. Zirə – Hayduk
Hakimlər: Xristos Vargetis, Andreas Fotopulos, Konstantinos Staykos, Anastasios Papapetru (hamısı Yunanıstan).
Bakı. 8-ci km stadionu.


