Zöhrə Ağamirova Paris-2024-də 18-ci oldu

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

Arena.az xəbər verir ki, 23 yaşlı idmançımız fərdi çoxnövçülükdə ilk olaraq topla hərəkətlərdə çıxış edib.

Təmsilçimiz 30,200 xala layiq görülüb. Ağamirova daha sonra halqalarla bacarığını göstərib və 32,500 xala layiq görülüb. Azərbaycan gimnastı üçüncü cəhdində lentlə bacarığını göstərib. O, bu dəfə 28,400 xalla kfayətlənib. Ağamirova sonuncu çıxışını gürzlə edib. Bu növdə çıxışı uğursuz alınan Zöhrə hakimlərdən 26,750 xal ala bilib.

Ümumilikdə 117,850 xal toplayan gimnastımız yekun sıralamada 18-ci olub. Dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnastlar sabahkı finala vəsiqə qazanıblar. Bu üzdən Azərbaycan gimnastı mübarizəni təsnifat mərhələsində dayandırıb.

Təsnifat mərhələsini italiyalı Sofiya Raffaeli lider kimi yekunlaşdırıb – 139,100.

Xatırladaq ki, Zöhrə Ağamirova Yaponiyanın paytaxtı Tokioda keçirilmiş 2020-ci ilin Yay Olimpiya Oyunlarında da iştirak etmiş və təsnifat mərhələsini keçə bilməmişdi.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. İndiyə qədər cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.