Van der Vart Halandı dünya səviyyəli hücumçu hesab etmir

“Tottenhem”in keçmiş yarımmüdafiəçisi Rafael van der Vart “Mançester Siti”nin norveçli qolçu hücumçusu Erlinq Halandı tənqid edib.

Arena.az niderlandlı keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:

“Onun sürətini götürsəniz, Erlinq Haland sıradan bir oyunçuya çevrilir. “Mançester Siti”yə indi Haland gərəkdir, bəs o, haradadır? Buna görə də o, dünya səviyyəli hücumçulardan ibarət seçilmiş dəstəmdə deyil”, deyə Van der Vart fikrini əsaslandırıb.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 17 qol vurub, 1 məhsuldar ötürmə verib. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 118 oyun, 107 qol, 15 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 39 oyuna 38 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).

Xəbəri sosial şəbəkələrdə paylaş: