Alisson Bekker sıraya döndü

Braziliya millisinin və İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Bekker 2 aylıq fasilədən sonra yaşıl meydanlara qayıtmağa hazırdır.

Arena.az xəbər verir ki, braziliyalı qolkiper zədəsini sağaldıb.

Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Alisson bu gün UEFA Çempionlar Liqasında “Jirona” ilə matçda meydana çıxa bilər. Komandanın baş məşqçisi Arne Slot oyunöncəsi mətbuat konfransında 32 yaşlı qapıçının qayıdışının sevindirici hal olduğunu bildirib.

Xatırladaq ki, braziliyalı qapıçı İngiltərə Premyer Liqasının 7-ci turunda “Kristal Pelas”la (1:0) matçda diz bağının zədələnməsi səbəbindən iki aydan çox idi yaşıl meydanlardan kənarda qalmışdı.

Alisson Bekker “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyulunda 62,5 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Alisson “Liverpul” üçün 8 oyun keçirib, 3 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.

Alissonun “Liverpul”un heyətində ümumi çıxışı 271 oyun, 239 buraxılmış qol, 119 “quru” oyundan ibarətdir.

Alisson Bekker klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020).

Alisson 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 70 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 32 qol buraxıb, 44 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: