“Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının DÇ-2034-ün ev sahibi elan edilməsinə münasibətini açıqlayıb.
Arena.az yarışın rəsmi hesabına istinadən, Ronaldonunun bu barədə fikrini təqdim edir:
“Burada hər şey əladır, infrastruktur, stadionlar, azarkeşlər üçün şərait. Bütün bunları görəndə getdikcə daha çox əmin oluram ki, 2034-cü ildə keçiriləcək dünya çempionatı tarixin ən yaxşısı olacaq. Biz təkcə futbol nöqteyi-nəzərindən deyil, həyatda da yaxşılaşacağıq. Mən gənc oğlanları daha çox işləməyə və buna inanmağa getdikcə həvəsləndirirəm.
Liqa son bir il ərzində çox sürətlə böyüyüb. Bir fərq görürsünüzsə, bu, əladır. Hazırda liqada kubok uğrunda yeddi və ya səkkiz böyük komanda mübarizə aparır. Futbolçuların yaxşılaşdığını da görürəm. Bu həm komanda yoldaşlarıma, həm də digər oyunçulara aiddir. Bu o deməkdir ki, liqa çox sürətlə inkişaf edib və daha yaxşı oyunçular yetişdirib.
Səudiyyə Ərəbistanı çox gözəl insanları olan inanılmaz bir ölkədir. Hər il bir çox tədbirlərə ev sahibliyi edirlər. Onu qarşıda böyük gələcək gözləyir və mən bu ölkənin uğurlarının bir hissəsi olduğum üçün şadam”, deyə “Kriş” vurğulayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 19 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 83 oyun, 74 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.


