Duayt York “Mançester Yunayted”ə məsləhət verdi

“Mançester Yunayted”in keçmiş futbolçusu Duayt York “qırmızı şeytanlar”a fransalı yarımmüdafiəçi Pol Poqbanı geri qaytarmağı məsləhət görüb.

Arena.az trinidad-tobaqolu keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən bu seçimi nəzərdən keçirərdim. Niyə də olmasın? Yarımmüdafiəçilərimizə baxsanız, Pol Poqbanın gəlişi vəziyyəti mütləq yaxşılaşdıracaq”, deyə Duayt York fikrini əsaslandırıb.

Xatırladaq ki, 2024-cü ilin fevralında Pol Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi, sonra bu müddət 18 aya endirilmişdi. Lozanna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, fransalı futbolçu 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq hüququna malikdir. Mart ayından etibarən isə Poqba futbol oynaya bilər. Poqba sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb.

Əlavə edək ki, noyabrın 30-da Poqbanın “Yuventus”la müqaviləsinə rəsmən xitam verilib. Fransalı futbolçu azad agentə çevrilib və hazırda yeni klub axtarışındadır. Poqbanın “byankoneri” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. Turin klubu fransalı futbolçunun əvvəlki əzəmətinə etimadını itirdiyi üçün Poqba ilə ayrılmaq qərarına gəlib. Buna rəğmən, Poqba uğursuzluqlardan geri-dönüşə iddialıdır. Xeyli müddət futbolsuz qalmış yarımmüdafiəçi məşq edir, öz üzərində çalışır.

Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçmişdi. Pol “byankoneri”nin heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib. Poqbanın “Mançester Yunayted” karyerası da 233 oyun, 39 qol və 48 məhsuldar ötürmədən ibarətdir. O, İngiltərə nəhənginin U-18 və U-21 komandalarında da forma geyinib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: