Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 14-cü tur çərçivəsində autsayderlər qrupunda qərarlaşmış “Nassaji Mazandaran” komandası ilə qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşdə xal itkisi ilə üzləşiblər – 1:1. Təbrizlilərin yeganə qolunu 73-cü dəqiqədə Mehdi Torabi vurub.
“Traktor” hazırda 14 oyuna topladığı 29 xalla 16 iştirakçı arasında ikinci pillədə qərarlaşıb. Hesabat turunu qələbə ilə başa vurmuş “Sepahan” (31 xal) Cənubi Azərbaycan təmsilçisini taxtdan endirib. Təbriz klubu çempionatdakı növbəti matçını yanvarın 2-də evdə “İstiqlal” komandasına qarşı keçirəcək.


