Tomas Müller irəlilədi, “Bavariya”nın seriyaları qırıldı

UEFA Çempionlar Liqasının 1/4 finalı çərçivəsində Fransanın PSJ klubu ilə ilk oyun Almaniya çempionu “Bavariya”nın hücumçusu Tomas Müller üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu qitənin bir nömrəli klub turnirində 48-ci qoluna imza atıb.

Almaniyalı forvard bu oyunda komandasının ikinci qolunu vurub. Bununla da Tomas Müller Çempionlar Liqasının bombardirlər siyahısında Andrey Şevçenko və Zlatan İbrahimoviçə çatıb.

Çempionlar Liqasının bombardirlər siyahısına hazırda İtaliyanın “Yuventus” klubunun formasını geyinən Kristiano Ronaldo başçılıq edir. Portuqaliyalı futbolçunun hesabında 134 qol var. Onun ən yaxın izləyicisi Lionel Messidir. İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu 120 qol vurub. ÇL-də Tomas Müllerdən daha çox qol vuran futbolçular arasında Robert Levandovski (73), Raul Qonsales (71), Kərim Benzema (70), Rud van Nistelroy (56), Tyerri Anri (50) və Alfredo di Stefano (49) da var.

PSJ ilə oyun Müllerin komandası üçün uğursuz alınıb. Belə ki, “Bavariya” bu oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə Münhen təmsilçisinin 19 oyunluq qələbə seriyası qırılıb. Fransa təmsilçisi, sonuncu dəfə 2019-cu ilin 13 martında “Liverpul”a 1:3 hesabıyla məğlub olmuş “Bavariya”nı o matçdan bəri məğlub edən ilk komanda oldu.

“Bavariya” ilə çıxdığı Çempionlar Liqası matçlarından heç birində məğlub olmayan Hansi Flik də ilk dəfə Münhen təmsilçisinin uduzmasına üzüldü. PSJ-nin baş məşqçisi Maurisio Poçettino isə Flikin komandasına qalib gəlməyi bacaran ilk mütəxəssisə çevrildi.

“Bavariya” həm də 2019-cu ilin noyabrından sonra ilk dəfə doğma meydanda uduzub. Münhen təmsilçisi son olaraq 2019/20 mövsümündə Bundesliqanın 13-cü turu çərçivəsində “Bayer” (Leverkuzen) klubuna məğlub olmuşdu.

Qeyd edək ki, PSJ və “Bavariya” arasındakı cavab matçı aprelin 14-də Parisdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: