Qurban Qurbanov: “Transfer xətrinə transfer etmək istəmirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çatışmazlıqlarımız çox idi. Bu gün sürət, dinamik və baxımlı oyun sərgiləmək asan deyildi. Çox vacib qələbə əldə etdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. “Şamaxı” öz oyununu get-gedə daha da təkmilləşdirir. Ayxana uğurlar arzulayıram. Azarkeşlərimiz belə havada bizə dəstək oldular. Onlara təşəkkür edirəm.

“Şamaxı”nın özünəxas oyun üslubu var. Məni qol buraxmağımız narahat edir. Müdafiədə daha diqqətli olmalıyıq. Bu cür bəsit qollar buaxmaq olmaz. Bu oyun üslubunu “Şamaxı” yaxşı yerinə yetirir. Bilirlər ki, meydanda necə yerləşmək lazımdır. Texniki səhvlərimiz oldu. Məni narahat etdi. Belə buraxılan qolların komandaya faydası çox olur. Oyunun gedişatında daha ciddi və diqqətli olmalıyıq”.

Qurban Qurbanov komandaya yeni futbolçuların cəlb olunması ilə bağlı planlardan da söhbət açıb:

“İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik. Bu ay 15 gündə 5 oyunumuz var. Transfer xətrinə transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq”.

“Qarabağ”ın çalışdırıcısı Avropa Liqasının Liqa mərhələsində Rumıniyanın “Styaua” komandasına qarşı keçirəcəkləri oyundan da söz açıb:

“Styaua” ağır komandadır. Çox intizamlı oyun üslubları var. Meydanın mərkəzində 10 nəfərlə müdafiə olunurlar. Bütün oyunlara baxırıq. Fiziki cəhətdən bərk komandadır. Asan rəqib kimi görünmür. Çalışacağıq ki, daha aktiv olaq. Çünki çox təhlükəli əks-hücumları var, standart vəziyyətlərdə təhlükəlidirlər. Sırf nəticəyə oynaya bilirlər. Tipik Avropa komandası kimi intizamlıdırlar”.

“Gedən futbolçuların yerlərini doldurduq”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının yeni ildəki ilk məğlubiyyətinə belə şərh verib:

“Maraqlı oyun alındı. Birinci hissə qollarla başladı. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini bilirdik. Cüzi səhv etdik, rəqib bizi əks-hücumda tutdu. Xal qazana bilmədiyimiz üçün təəssüflənirik. Oyun baxımından futbolçulardan razı qaldım. Bəzi futbolçular tam hazır deyil. Amma yeni gələnlər çempionatımızı hiss etdilər. Leroy Mikelsin yoxluğu oyunumuza təsir etdi. Mövsümün sonuna qədər maraqlı oyunlar olacaq. Komandadan 8 futbolçu ayrıldı. Onların yerini doldurmalıydıq. Qışa qədər bir çox oyunlarda əziyyət çəkdik. Gedən futbolçuların yerlərini doldurduq. Üç yerli, dörd əcnəbi oyunçu gətirdik. Bu gün Cəlal Hüseynov, Murad Vəliyev oynadı. Digərləri legionerlərdir. Qışda yerli transfer etmək çətindir. İstəyərdik, amma olmadı. İlk növbədə qarşıya qoyulan məqsədə çatmaq istəyirik. İndi daha rəqabətli heyətimiz var. Bu da futbolçuların böyüməsində rol oynayacaq.

Çempionatda xal ala bilmədiyimiz iki komanda var ki, onlardan biri “Qarabağ”dır. Bu komandaya qarşı oynamaq əlavə motivasiyadır. İstəyimizə çata bilmədik. Demək ki, daha çox çalışmaq lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: