Aleks Palmer 2,4 milyon avroya “İpsviç Taun”da

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “İpsviç Taun” klubu heyətini yeni qapıçı – Aleks Palmer ilə gücləndirib.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

İpsviç təmsilçisi bu transferi 2,4 milyon avro məbləğə rəsmiləşdirib. “Vest Bromviç” klubundan transfer olunmuş 28 yaşlı ingilis qapıçı ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Aleksander Palmer “Vest Bromviç”in öz yetirməsidir. O, sözügedən klubun əsas komandasında 104 oyun keçirib, 106 qol buraxıb, 41 matçda qapısını toxunulmaz saxlayıb. Palmer “Linkoln Siti”, “Plimut”, “Kidderminster”, “Luton Taun”, “Notts Kaunti”, “Oldhem Atletik” kimi klublarda icarədə də olub.

Aleks Palmer vaxtilə İngiltərənin U-16 yığmasında oynasa da, sonralar milli formanı geyinmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı qapıçının transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

“İpsviç Taun” mərkəz müdafiəşisi Lyuk Vulfendenlə də yeni müqavilə imzalandığını açıqlayıb. 26 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2027-ci ilin 30 iyununadək bu klubun uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Lyuk Vulfenden “İpsviç Taun” klubunun öz yetirməsidir. O, bu klubun əsas komandasında 207 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi “Bromli” və “Suindon Taun” kimi klublarda icarədə də oynayıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: