“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini UEFA Çempionlar Liqasının 1/16 finalında “Brügge”yə məğlubiyyəti şərh edib.
Arena.az məlumat verir ki, ilk oyunda səfərdə “Brügge”yə 1:2 hesabı ilə məğlub olmuş “Atalanta”, eyni gözlənilməzliklə evdə 1:3 hesablı məğlubiyyət yaşayıb.
Nəticədə İtaliya təmsilçisi UEFA Çempionlar Liqasının cari mövsümündəki mübarizəsinə xitam verib. Berqamo təmsilçisinin baş məşqçisi matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Biz haqq etdiyimiz üçün yarışdan “uçuruq”. Gəlin, “Brügge”yə də layiq olduğu haqqı verək. Bu, iki qəribə oyun idi. UEFA Çempionlar Liqası – məqamların yarışıdır. Bu gün biz erkən qol buraxdıq, rəqib isə vəziyyətdən başdanbaşa yararlandı. Fasiləyə qədər 0:3 hesabı – bu, ədalətsiz idi, 2:1 də ola bilərdi.
Çoxlu müxtəlif vəziyyət vardı. 180 dəqiqə ərzində bizim külli məqamlarımız vardı, xüsusilə ikinci hissədə. Gerçəkləşdirilməmiş penalti bizim şövqümüzü qırdı. İdman nöqteyi-nəzərindən biz yaxşı halda idik və oyun nəbzini saxlayırdıq. Ancaq onların cəld hücumçuları vardı, burada, bizim vəziyyətimizin isə məsələyə aidiyyatı yoxdur”, – “Reuters” agentliyi italyan mütəxəssisdən sitat gətirir.
Qasperini oyunun 61-ci dəqiqəsində, hesab 1:3 rəqibin xeyrinə ikən, penalti zərbəsini qola çevirmək imkanını əldən vermiş, “Atalanta”nın nigeriyalı hücumçusu Ademola Lukmanı tənqid edib:
“Lukman – həyatım boyu gördüyüm ən pis penaltiçilərdən biridir. O, vurduğu qoldan sonra penaltidən də fərqlənmək istəyirdi, amma Reteqi və De Ketelare “nöqtə”dən zərbə vura biləcəklərinə rəğmən, topu alıb-götürdü. Lukmanın davranışı mənim xoşuma gəlmədi”, deyə təcrübəli mütəxəssis vurğulayıb.


