“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 26-cı turunda “Liverpul”la ev oyununu (0:2) şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən ispan mütəxssisin bu barədə qənaətini təqdim edir:
“Biz çox yaxşı oynayırdıq. Ola bilsin ki, biz zərbələrdə daha məhsuldar ola bilərdik, amma biz fantastik bir komandaya qarşı oynayırdıq. Mümkün ki, oyunun əvvəlində imkanlar əllinin əlliyə nisbətində idi, amma biz bunu gerçəkləşdirə bilmədik. İkinci hissədə onlar daha dərindən müdafiə olunurdular. Biz çox oyunlarda sınaqdan keçirmədiyimiz bir üsulu icra etdik, onları özlərinin cərimə meydançasına yönləndirərək, məhz orada aldadıb keçməyə çalışdıq. Bu taktikanın mahiyyəti ondan ibarətdir ki, meydanın son üçdə birində olaq, bu isə mütəmadi baş verirdi, amma biz qol vura bilmədik.
Əgər uduzuruqsa, elə, bu gün uduzduğumuz kimi uduzmalıyıq. Mən əmin oldum ki, bu klubun, malik olduğumuz oyunçularla parlaq gələcəyi var. Kevin De Bröyne və ola bilsin ki Natan Ake istisna olmaqla, bütün oyunçular çox, çox gəncdirlər. Klubun hansı qərara gələcəyindən asılı olmayaraq, yaxın illərdə onu parlaq gələcək gözləyir”, deyə Xosep Qvardiola vurğulayıb.
“Mançester Siti”nin belçikalı cinah hücumçusu Jeremi Doku da “Liverpul”la ev oyunundakı məğlubiyyəti şərh edib:
“Biz çalışırdıq. Çoxlu məqamlarımız oldu, amma “Liverpul” iki qol vurduqdan sonra, dərinə çəkildi. Çox çətin idi”, deyə Doku vurğulayıb.
Qələbə sayəsində “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsindəki mövqeyini daha da möhkəmlədib. “Qırmızılar”ın 27 oyundan 64 xalı var. Ötən mövsümün qalibi olmuş “Mançester Siti” isə 26 oyunda topladığı 44 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb və UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır.


