Qurban Qurbanov etiraz səsini ucaltdı: “Nə var idi orada?”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 0:0 hesabıyla başa çatmış səfər matçından sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Qalib gəlmək istəyirdik. Amma alınmadı. Daha çox təzyiq etmək lazım idi. İsti hava və süni örtük təsirini göstərirdi. Meydançanı oyundan əvvəl sulamamışdılar. Yəqin həmin işə baxan şəxslər evə getmişdilər. Bu gün futbola əks olan hər şey var idi. Belə şəraitdə futbol oynamaq asan deyil. Rəqib oyunun tempini salırdı. Hakim də onlara qoşulmuşdu. “Kəpəz”ə uğurlar arzulayıram. Qol fürsətlərindən istifadə edə bilmədik”.

“Elə danışırlar ki, sanki hər şeyi edən bizik” – Qurban Qurbanov

Qurban Qurbanov AFFA İntizam Komitəsinin iki gün öncə verdiyi cəzalardan da söhbət açıb:

“Bu barədə çox yazıldı. Hakimlərin qərarlarına qarşı çıxmaq istəmirəm. Amma niyə verdilər? Həmin epizoddan əvvəl rəqibin oyunçusu eyni şeyi etmişdi. Belə şeylər futbolu sevdirir, aqressiyanı artırır. Futbol mübarizə oyunudur. O qədər derbilərə baxmışıq. Baxın görək orada etiraz edən oyunçulara qırmızı verilib? Musa oğlum olduğu üçün bu barədə çox danışmaq istəmirəm. Amma niyə cəza verilməlidir? Mövzunu elə qabartdılar ki… “Qarabağ”ın oyunçularına niyə qırmızı vermirlər” deyirlər. Verirlər axı. Bu mövzu bir həftə müzakirə olundu. Nə var idi orada? Futbolda bu gün olanlardan danışmaq lazımdır. Tempə baxsaq, görərik ki, 15 dəqiqə oyun getdi. Sanki “Araz-Naxçıvan”ın futbolçularını döymüşük. Bütün kanallarda hər gün bu məsələ müzakirə olundu. Kamal Umudlu həmin epizodu çox düzgün idarə etdi. Onda hakimləri də cəzalandırsınlar. Belə bəsit şeylər etmək olmaz. O qədər olub ki, futbolçularımı bilərəkdən oyuna buraxmamışam. Çünki, rəqiblər onların ayaqlarını sındırmaq istəyirdilər. Biz hər qərara hörmətlə yanaşmışıq. Amma bəzən fikirlərimizi bildirməliyik. Bu məsələ çox böyüdü deyə epizodlara yenidən baxmalı oldum. Elə danışırlar ki, sanki hər şeyi edən bizik. “Atletiko”ya baxın. Onda gərək hər oyun Dieqo Simeoneyə də, komandasına da qırmızı vərəqə versinlər”.

Qurban Qurbanov Ramazan ayında futbolçuların oruc tutmasının onların performansına təsir edib-etmədiyi barədə sualı da cavablandırıb:

“Futbolçuların oruc tutmasından daha çox meydançaların vəziyyəti onların oyununa təsir edir. Dünyanın hər yerində futbolçular oruc tuturlar”.

Azər Bağırov: “Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə heç-heçəyə belə şərh verib:

“Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. “Qarabağ”a qarşı əks-hücumda oynamağa məcbursan.

“Kəpəz”də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq. Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyunda qazanılmış 1 xal da bunun nəticəsidir”.

Azər Bağırov Qurban Qurbanov tərəfindən səsləndirilmiş iradlara dair sualı isə belə cavablandırıb: “Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var”.

Xəbəri sosial şəbəkələrdə paylaş: