“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Sonda yorulmuşdular, çox əziyyət çəkdilər. Rəşad Sadıqovu təbrik edirəm. Daha da mübariz komanda formalaşdırıb. Bizə çox da imkan verilmədi oynamağa. Daha düzgün və ağıllı müdafiə qurulmuşdu, düşünülmüş hücumlar var idi. Onlara uğurlar arzu edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm”.
Qurban Qurbanov Ağdam klubunun əlcəzairli yarımmüdafiəçisi Yassin Benzyanın çıxışına da qiymət verib:
“Onun o mövqedə oynamasından razıyam. Meydandakı düşüncəsi, oyunu idarə etməsi, oyunu oxuması çox yaxşı idi. Sadəcə, bu gün daha yorğun idi. Top itkiləri çox oldu. Tək onda yox, digərlərində də var idi. Benzyadan ümumən razıyam”, deyə Qurban Qurbanov bildirib.
Ağdam klubunun çalışdırıcısı matçdakı yeganə qolun müəllifi Kadi Borgesin zədəsindən də söhbət açıb:
“Özü çıxdı kənara, oynaya bilmədi. Böyük ehtimalla ciddi zəddə olmaz. Amma ayağında şiş var. Qarşıdakı günlərdə vəziyyəti bilinəcək”.
Ölkə kubokunun yarımfinal mərhələsindəki oyunların əcnəbi hakimlərin idarə etməsini dəstəkləmədiyini vurğulayan Qurban Qurbanov “Araz-Naxçıvan”la görüşdə planşeti sındırdığı üçün AFFA İntizam Komitəsi tərəfindən cəza almaması barədə sualı belə cavablandırıb:
“Niyə cəzalandırsınlar? Hakimin üzünə etiraz etmədim, meydana da girmədim. Epizoda dərindən baxsaq, tək hakimə əsəbiləşəsi bir şey yox idi. Öz oyunçumuza da əsəbiləşirdim. Kənarda oturası deyilik ki. Öz planşetimdir. Cəza versələr də, problem yoxdur. Təbii ki, haqlıdırlarsa…”
Qurban Qurbanov erkən çempionluq haqda danışdı
Qurban Qurbanov hazırda əsas izləyiciləri “Zirə”ni 15 xal qabaqlamalarına da münasibət bildirib:
“15 xal ciddi fərqdir. Bundan qabaq deyəsən 12 xal idi. Hiss olunur ki, futbolçularda arxayınlıq var. Niyə üzərilərinə çox getmirəm? Neçə illərdir gərgin mövsüm keçiririk. Futbolçularda fiziki, psixoloji yorğunluq olur. Hətta futboldan sanki doyublar. O qədər yorğun olurlar. Bəzən belə oyunlar sanki mənim gələcək planlarım üçün daha faydalı olur. İlboyu bunlardan nə qədər tələb etmək olar? Ciddi olmalıyıq, qalib gəlməliyik. 3-5 il o bazanı yığıb-saxlayır, sonra tükənir. Futbolçularda indi o haldır. Mən də özümü məşqçi olaraq toparlamağa çalışıram. Mənim də yorğun vaxtlarım olur. Biz bütün oyunlara qələbə üçün çıxacağıq. O qələbə ruhunu qorumaq istəyirik”, deyə Qurban Qurbanov qeyd edib.
Rəşad Sadıqov ən azı 1 xala layiq olduqlarını düşünür
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün ağır oyun oldu. “Qarabağ”a qarşı oyunlar asan keçmir. Rəqib bu gün ən güclü heyəti ilə çıxış edirdi. Bu, işimizi daha da çətinləşdirdi. Futbolçularım yaxşı mübarizə apardılar. Matç rəqibin üstünlüyü ilə keçirdi. Bunu oyundan əvvəl də bilirdik. Etibarlı müdafiə olunaraq, daha çox əks-hücumlara bel bağlayırdıq. Futbolçularımdan razı qaldım. Beşinci oyundur ki, “Qarabağ” standart vəziyyətdən bizə 9-cu qolu vurur. Bunun qarşısını ala bilmirik. Futbolçularımı təbrik edirəm. İnanırdılar, mübarizə aparırdılar. Çox yaxın idik bərabərliyə. Bu gün buradan məğlub hissi ilə ayrılmıram. Bərabərliyə layiq idik. Qarşıdakı matçlara baxacağıq, var gücümüzlə vacib görüşlərə hazırlaşacağıq.
Özüm də vaxtilə penaltini qaçırmışam, usta futbolçular da qaçırıb. Başqa epizodlar da var idi ki, qaçırdıq. Oyunumuz bir penalti ilə bağlı deyildi. “Qarabağ” böyük təzyiqlə oynayır. Buradan 1 xalla ayrılmaq olardı. Penaltinin xüsusi məşqi yoxdur. Məşqlərdə 10 penaltini vururdum. Amma oyun zamanı böyük həyəcan olurdu. Qismət yaxşı zərbə vurdu. Son dəqiqələr idi, bəlkə təzyiq var idi. Qismət komandada kritik və uğurlu penaltilər yerinə yetirib. Penalti üzərində çox dayanmaq istəmirəm.
Yusuf Lavalın müalicəsi gedir. Ola bilsin ki, son turlara yetişsin. Necə hazır olacaq, onu zaman göstərəcək. Əməliyyat edilib, bərpası gedir.
Çempionatımızda qələbə qazanmaq çətindir. Bundan sonrakı matçlar vacibdir. Hər oyunda güc sərf etməliyik. Mənim üçün vacib olan oyunun stabilliyidir. Gələcəklə bağlı danışmaq çətindir.
Bu heyətin avrokuboklar üçün yetərli olub-olmamasına gəlincə, mövsüm bitməmiş, rəsmiləşməmiş o mövzuları danışmıram. Doğru olmaz. Avrokuboklara vəsiqəni təmin etdiyimizi deməzdim. Evdə güclü rəqiblərlə oynayacağıq. Heç bilmirəm avrokubokların birinci oyunu nə vaxtdır. Ona da baxmamışam. Allah nəsib edər, avrokuboklara düşərik, sonra bu haqda danışarıq”.


