Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında təşkil olunmuş cüdo üzrə Avropa Kubokuna bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, cəmi iki gün davam etmiş turnirin ilk günündə cüdoçularımız 2 bürünc medal əldə ediblər.
Kişilər arasında -73 kq çəki dərəcəsində Kamran Süleymanov və qadınların mübarizəsində -78 kq çəkidə Nərmin Əmirli üçüncü yerin sahibi olublar.
İkinci yarış günü Azərbaycan milli komandası üçün daha uğurlu alınıb. Belə ki, cüdoçularımız 3 qızıl, 2 gümüş və 1 bürünc medala seviniblər.
Kişilərin mübarizəsində -90 kq-da çıxış edən Murad Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə (Almaniya) qalib gələrək çempion olub. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medalı boynundan asıb. Daha bir kişi cüdoçumuz Kərim Allahverdiyev isə -81 kq çəkidə gümüş medala sahibi olub.
Qadınlar arasında – 52 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva isə ikinci pilləsinə qalxıb. -57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün hamısında rəqiblərindən üstün olaraq millimizin hesabına daha bir qızıl medal əlavə edib.
Beləliklə, cüdo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa Kubokunda 39 ölkədə arasında birinci olub.
Qeyd edək ki, turnirdə 39 ölkədən 413 idmançı mübarizə aparıb.


