Niko Şlotterbek üçün mövsüm erkən bitdi

Dortmund “Borussiya”sının alman mərkəz müdafiəçisi Niko Şlotterbek zədələnərək, mövsümün sonuna qədər müddətə sıradan çıxıb.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Nikonun yoxluğu bizə çox güclü zərbədir. O, komandanın vacib hissəsidir və mövsümdə özünün sabit oyunu ilə təəssürat oyadırdı. Biz ümidvarıq ki, o, tez bərpa olacaq, biz isə onun qayıdışı yolundda mütləq dəstək göstərəcəyik”, – “Borussiya”nın idman direktoru Sebastyan Kel vurğulayıb.

Niko Şlotterbek “Borussiya”ya 2022-ci ilin iyul ayında 20 milyon avro məbləğ müqabilində “Frayburq”dan keçib. Müdafiəçinin Dortmund klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Şlotterbek “Borussiya” üçün bütün yarışlarda 37 oyuna çıxıb, 6 məhsuldar ötürmə ilə fərqlənib.

Şlotterbekin “Borussiya”nın heyətində çıxışının ümumi mənzərəsi 124 oyun, 6 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Niko Şlotterbek 2022-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 20 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı alman mərkəz müdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: