İtaliya çempionu “İnter”in kapitanı, argentinalı mərkəz hücumçusu Lautaro Martines 5000 min avro məbləğində cərimələnib.
Arena.az məlumat verir ki, “İnter” hələ fevralda, İtaliya A Seriyasının 25-ci turu çərçivəsində səfərdə “Yuventus”a 0:1 hesabı ilə məğlub olduqdan sonra, Martines əxlaqsız söz işlədərəkən çəkiliş kameralarına yaxalanmışdı.
Belə bir “kiçik” məbləğin Martines üçün böyük itki olmadığı aydın olduğundan, argentinalı futbolçu araşdırma zamanı söhbəti çox da uzatmayaraq, qələtini boynuna alıb. Bu üzüyolalığının nəticəsində Martines oyun cəzasından canını qurtarıb.
Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 40 oyuna çıxıb, 18 qol vurub, 6 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 322 oyun, 147 qol, 49 məhsuldar ötürmədən ibarətdir.
Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


