Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Monteneqro yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, ötən gecə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Monteneqro yığması ilə qarşılaşmış millimiz yekunda qələbəni əldən verib – 1:1.
Siyasət Əsgərov matçdan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Matçın çətin keçəcəyi bəlli idi. Monteneqro yığması bu “pəncərə”də bir oyun keçirirdi ki, o da öz meydanlarında bizə qarşı idi. Biz isə qısa müddətdə ardıcıl iki səfər matçına çıxmalı olduq. İstər-istəməz yorğunluq yaranmışdı. Komandanı oyuna tam bərpa etmək üçün maksimum çalışdıq. Monteneqro həm də qrup birinciliyi uğrunda əsas rəqibimizdir.
Açığı, birinci hissədə futbolçuların bəzi səhvləri oldu. Xüsusən də, hücum xəttində problemlər yaşadıq, irəlidə top saxlaya bilmədik. Qapıçımızın və müdafiəçilərimizin etibarlı çıxışı sayəsində fasiləyə heç-heçə yollandıq.
İkinci hissəni isə hücumda daha yaxşı keçirdik, üstünlüyə yiyələndik. Qol vurduq və başqa şanslarımız da oldu. Təəssüf ki, ikinci qolu vura bilməməyimiz rəqibin son dəqiqələrdə hücuma atılmasına gətirib çıxardı. Nəticədə 90+2-ci dəqiqədə penaltidən qol buraxdıq. Penalti epizodunda isə top əvvəlcə rəqibin, sonra bizim oyunçunun əlinə dəymişdi”.
Siyasət Əsgərov millimizin C Liqasının 4-cü qrupu çərçivəsində mayın 30-da Litva seçməsinə qarşı keçirəcəyi görüşə də münasibət bildirib:
“Monteneqro ilə oyunda qələbəni əldən verdiyimiz üçün məyusuq. Buna baxmayaraq, birinci yer uğrunda mübarizəni davam etdiririk. Son oyunda Litvanı doğma arenamızda qəbul edəcəyik. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Qələbə qazanmaqla yanaşı, top fərqini də mümkün qədər yaxşılaşdırmalıyıq. Bu səbəbdən Litva üzərində böyükhesablı qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, hazırda Monteneqro və Azərbaycan milliləri hərəyə 5 xalla qrupda 1-2-ci yerləri bölüşürlər. Litva yığmasının isə hesabında xal yoxdur.


