İtaliya A Seriyasının 34-cü turunun şənbə gününə təyin edilmiş oyunları Roma Papası Fransiskin dəfn mərasimi ilə əlaqədar təxirə salınıb.
Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Aprelin 26-da, şənbə günündə “Komo” – “Cenoa”, “İnter” – “Roma” və “Latsio” – “Parma” oyunları keçirilməli idi. Bu oyunların keçirilmə tarixi tezliklə açıqlanacaq.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də Vatikandakı iqamətgahında 88 yaşında vəfat edib. Papanın vəfatı ilə əlaqədar İtaliyada beş günlük matəm elan edilib. Bu barədə İtaliya mülki müdafiə və dəniz siyasəti naziri Nello Musumeçi məlumat verir.
33 turdan sonra İtaliya A Seriyasına 71 xalla “İnter” başçılıq edir. Eyni miqdarda xal toplamış “Napoli” yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Neradzurri” “eşşəkciklər”i top fərqi üzrə üstələyir.


