Yüksək Liqa: “Azərreyl” Azərbaycan çempionu oldu!

Qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025 mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında keçirilən ikinci final qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandalarının növbəti görüşü baş tutub.

İlk oyunda 3:0 hesablı qələbəyə sevinmiş “Azərreyl” bu uğurunu ikinci oyunda da təkrarlamaqla Azərbaycan çempionu adını qazanıb.

Final qarşılaşmasından sonra Yüksək Liqanın mükafatlandırma mərasimi keçirilib. Çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mükafatçıları təbrik edib və onlara uğurlar arzulayıblar.

Daha sonra AVF-nin vitse-prezidenti Bəhruz Quliyev çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” mükafatlarını təqdim edib. Ardından qaliblərə kubok və medallar verilib. Çempiona kuboku Çingiz Hüseynzadə, qalib komandalara medalları isə CEV prezidenti Roko Sikiriç, AVF-nin prezidenti Şahin Bağırov və AVF-nin vitse-prezidenti Faiq Qarayev təqdim ediblər.

Beləliklə, qadın voleybolçuların Yüksək Liqasının qalibi “Azərreyl”ə qızıl medal və kubok təqdim olunub. Eyni zamanda “Abşeron”a gümüş, “Milli Aviasiya Akademiyası”na isə bürünc medallar təqdim olunub.

Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, sabah kişi voleybolçuların Yüksək Liqasında son final matçı və mükafatlandırma mərasimi keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: