“Real”ın klub televiziyasının tənqidi mövqeyi İspaniya Kral Kubokunun “Barselona” ilə final oyunun baş hakimini göz yaşlarına qərq edib.
Arena.az məlumat verir ki, oyuna həsr edilmiş mətbuat toplantısında ispaniyalı hakim Rikardo De Burqos Benqoeçea ünvanına yönəlmiş tənqidlərin nəticəsini açıqlayaraq, ağlayıb:
“Yaşadıqlarımız ədalətli deyil. Məktəbdə sənin oğluna atasının “oğru” olduğunu deyəndə və o, göz yaşları içində evə qayıdanda, bu, həqiqətən ağırdır”, deyə De Burqos vurğulayıb.
Xatırladaq ki, daha əvvəl “Real”ın klub televiziyası “adəti üzrə” üçdəqiqəlik videoçarx yayımlayaraq, bask hakimin “idarəçilik qüsurlarını” təqdim etmişdi. Videonun yekununda “Real”ın klub televiziyası vurğulayıb ki, “qaymaqlılar” De Burqosun idarə etdiyi oyunların 64%-də qələbə qazanıblar, “Barselona”da isə müvafiq göstərici 81%-dir.
Əlavə edək ki, “Real”ın klub televiziyası İspaniyada yeldəyirmanı kimi tanınır. “Qaymaqlılar”ın hər oyunu ərəfəsində “Real Madrid TV” “çax-çux”u ilə baş aparır. Müvafiq təhlillərin məzmunu isə hansı hakimin və ya amilin “Real”a nə qədər ziyan vurduğu və ya sevmədiyi ilə bağlı psixoloji hücuma yönəlib. Oyundan sonra da “Real Madrid TV” “qaymaqlılar”ın qələbə qazanması və ya məğlubiyyət yaşamasından asılı olaraq, müvafiq əvhal-ruhiyyə təqdim edir. “Real” qazanıbsa, komanda öyülür, tənqid yumşaq olur, “qaymaqlılar” məğlub olublarsa, kənar amillərin “xoşagəlməz”, “yolverilməz”, “Real əleyhinə” yönəlmiş təsiri qabardılır.
Bu azmış kimi, “Real” “Barselona” ilə final matçından öncə təşkil olunmuş mətbuat konfransına qatılmaqdan, hətta oyunun keçiriləcəyi arenada son məşqə çıxmaqdan da imtina edib. Madrid klubu İspaniya Futbol Federasiyasından final matçının hakiminin dəyişdirilməsini tələb edib. Klub artıq bununla bağlı rəsmi açıqlama da yayıb və De Burqosun matçdan öncə səsləndirdiyi fikirlərin qəbulolunmaz olduğunu bəyan edib. Madrid təmsilçisi hakimlərin dəyişdirilməyəcəyi təqdirdə sabah oyuna çıxmayacağını da bildirib.
Xatırladaq ki, İspaniya Kral Kubokunun cari mövsümünün “Barselona” və “Real” arasındakı final oyunu aprelin 26-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (27 Aprel) başladacaq.


