İngiltərə nəhəngi “Mançester Yunayted” cari 2024/2025-ci illər mövsümünün yekununa həsr edilmiş şam yeməyindən imtina edib.
Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.
Xatırladaq ki, bu, “qırmızı şeytanlar”ın müvafiq tədbirdən imtina etdiyi ikinci haldır. İngiltərə nəhəngi ötənilki şam yeməyinə də qatılmamışdı və klub rəhbərliyi bu dəfə də müvafiq tədbiri təşkil etmək niyyətində deyil. Bunun əvəzində, oyunçuların təltif edilməsi üçün nəzərdə tutulmuş fərdi mükafatlar, sahiblərinə mövsümün son oyunu ərəfəsində, meydandaca təqdim ediləcək. “Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının sonuncu, 38-ci turu çərçivəsində mayın 25-də doğma “Olf Trafford”da “Aston Villa” ilə qarşılaşacaqlar.
Klubda hesab edirlər ki, komandanın cari mövsümdə Premyer Liqada nümayiş etdirdiyi bərbad nəticələr mənzərəsində müvafiq tədbir yersizdir. Klub rəhbərliyi ehtiyat edir ki, tədbirin təşkil ediləcəyi halda, bunu azarkeşlər və klub heyəti düzgün qəbul etməyə və sərt tənqidi mövqe nümayiş etdirə bilərlər. Həmçinin vurğulanır ki, klubun, xərcləri ixtisara yönəlmiş maliyyə siyasəti də “Maneçster Yunayted”in müvafiq ənənəni pozmasına əsas səbəblərdəndir.
Əlavə edək ki, cari mövsümün başa çatması ilə “qırmızı şeytanlar” dərhal mövsümsonrası səfərə yollanacaqlar. Səfər çərçivəsində yeni mövsümə hazırlıq məqsədilə yoldaşlıq oyunları, həmçinin klubun simasının kommersiya maraqları məqsədilə təmsil edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Mançester Yunyted” Premyer Liqa tarixində və ümumiyyətlə İngiltərə çempionatları tarixində ən bərbad dövrlərindən birini keçirir. Bundan pisi “qırmızı şeytanlar”ın ancaq aşağı dəstəyə yuvarlanması olardı ki, “Mançester Yunayted”in bu məsələdə azacıq bəxti gətirib.
36 oyundan topladığı 39 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Premyer Liqadakı biabırçılığa rəğmən, “Mançester Yunayted” Avropa Liqasının finalına vəsiqə qazanıb və cari mövsümdə özü kimi bərbad, gözünü sözügüdən yarışı qazanmağa dikmiş “Tottenhem”ə rəqib olub.
Avropa Liqasının “Tottenhem” – “Mançester Yunayted” final oyunu mayın 21-də Bilbaonun “San-Mames” stadionunda baş tutacaq.


