“Xankəndi” komandası bu gün finalda “Şirvan”a qalib gələrək AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün çempionu olub.
Arena.az xəbər verir ki, bu gün mövsümə yekun vurulub.
Qəbələ şəhər stadionunda keçirilən əvvəlcə 3-cü yer uğrunda oyun keçirilib. “Ağstafa Gəncləri” komandası “Göyəzən” kollektivini 5:2 hesabı ilə məğlub edərək, bürünc medal qazanıb.
Final oyununda isə “Şirvan”ı 3:0 hesabı ilə məğlub edən “Xankəndi” kollektivi çempion olaraq, İkinci Liqada iştirak hüququ əldə edib. Bu komanda həm də növbəti mövsümdə UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək. “Şirvan” isə İkinci Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirəcək.
Oyunlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. Mövsüm ərzində 20 qol vurmuş “Şirvan” OİK komandasının oyunçusu Cavid Nəcizadə bombardirə təqdim olunan mükafata yiyələnib.
“Xankəndi” komandasından isə Sərxan Ağayev Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.
Nəhayət, “Ağstafa Gəncləri” bürünc, “Şirvan” gümüş medalla, çempion komanda isə qızıl medal və kubokla təltif olunub.
Komandalara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.


