“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 36-cı turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:0 hesablı qələbəyə sevindikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Ayxan Abbasov gənclərdən yaxşı, mübarizə kollektiv formalaşdırıb. Sona kimi mübarizə apardılar. Futbolçularımız qələbə üçün sona kimi oyunun içində oldular, qopmadılar. Hər iki komanda mövsümü yaxşı notlarla başa vurdu”.
Qurban Qurbanov “Barselona”ya səfərindən də danışıb: “Səfər zamanı “Barselona”nın bütün yaş qruplarının məşqində oldum. Mütəxəssislərlə söhbətlərimiz oldu, eləcə də Fliklə. Baxmayaraq ki, geniş danışa bilmədik. Çox böyük klubdur. Onların vaxt ayırması asan deyildi. Ciddi klubdur. Öz prinsipləri var. İlk getdiyim vaxtda (Qvardiola dönəmində) ulduzlar daha çox idi. Həmin dövr komandanın ən yaxşı vaxtları idi. İndi də gənc və yaxşı futbolçuları var. Mənim üçün ora getmək çox vacib idi. Əmin oldum ki, sistemi qurub saxlamaq çox vacibdir. Bunu icra edənlər sistemi sevməli və sadə şəkildə tapşırıqları yerinə yetirməlidir. Komandada adlı-sanlı oyunçuların olması vacib deyil. Çox şey götürdüm. Belə səfərlər böyük təcrübə, inam verir. Böyük klublarda öz komandanda istədiklərini görmək xoşdur. Maraqlı görüş alındı. Faydalı səfər oldu”.
Qurban Qurbanov komandanın gənc futbolçuları Amin Rzayev və Hikmət Cəbrayılzadənin U-21 millimizə dəvət almalarına da münasibət bildirib: “Belə oyunçuların tez böyüməsi üçün daha yuxarı kollektivdə olmaları vacibdir. Gərək onlara güvənəsən, qərar verməyi bacarasan. Böyük turnirlərdə nə qədər tez iştirak etsələr, onların ustalığının yaxşılaşması daha tez olar”.
Təcrübəli mütəxəssis mayın 31-də “Sabah”a qarşı keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə bağlı hədəflərini də açıqlayıb: “Kuboka həmişə ciddi yanaşmışıq. Ciddi yanaşmasaq, finala kimi gələ bilmərik. Finala gəlmişiksə, kuboku qazanmaq istəyirik. Amma qarşımızda titul əldə etmək istəyən, keyfiyyətli futbolçulardan ibarət istəkli kollektiv var. Ciddi hazırlaşacağıq”, deyə Qurban Qurbanov bildirib.
“Böyük risklər alırıq” – Ayxan Abbasov
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının mövsümdəki son oyunundan sonra bunları söyləyib:
“Qarabağ”ı təbrik edirəm, UEFA Çempionlar Liqasında uğurlar arzulayıram. Məqsəd Premyer Liqada qalmaq idi və öhdəsindən gəldik. Bu il çox şey qazandıq. Klub olaraq Premyer Liqada möhkəmləndik, gənclər qazandıq. Davam etməliyik. Pillə-pillə inkişaf istəyiriksə, belə mübarizələr vacibdir”.
Ayxan Abbasov gələcək planlardan da bəhs edib: “Bizdən başqa sponsoru olmayan komanda yoxdur. Ötən il ən az büdcə bizdə idi. Böyük büdcəsi olan klublar da çətinlik olacağını deyir. Görün indi bizimçün necə olacaq. Rəhbərliklə böyük fikir mübadiləsi aparırıq. Yola çıxmışıq və yarımçıq qoymaq istəmirəm. Burda tək mən deyiləm. Böyük risklər alırıq. Ancaq inanıram. Bir yol çəkmişik və bununla getməliyik. Rəhbərlik də fədakarlıq etməyə çalışır. Gələn mövsüm burdayıq. İşlərə başlamışıq. Daha dinamik, perspektivli oyunçular istəyirik. Seleksiyaya başlamışıq”.


