Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Litva yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, millimiz bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığması ilə qarşılaşıb.
“Bayıl Arena”da baş tutmuş oyun millimizin 0:5 hesablı gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb. Siyasət Əsgərov matçdan sonra biabırçı məğlubiyyətə belə aydınlıq gətirib:
“İlk dəfədir komandanın bu qədər həyəcan içində meydana çıxdığını gördüm. Çoxlu sayda səhvlərə yol verdik. İlk 10 dəqiqədə buraxdığımız qollardan sonra oyunumuzda eniş baş verdi. Fasilədən sonra sistemdə dəyişiklik etdik. Ancaq bütünlüklə hücuma çıxdığın zaman istər-istəməz müdafiədə boşluq yaranır. Nəticədə daha bir qol buraxdıq. Bizi dəstəkləməyə gələn insanlara həm təşəkkür edirəm, həm də bu nəticəyə görə komanda adından onlardan üzr istəyirəm”.


