Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün sonuncu oyunu – final qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, həlledici oyunda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəliblər.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunun baş hakimi İnqilab Məmmədov olub.
Azərbaycan Kubokunda finala çıxmış iki komandadan yalnız biri əvvəllər bu mükafata sahib olmuşdu. “Qarabağ” 8 dəfə kuboku qazanmaqla turnirin mütləq rekordunun sahibi idi. Qurban Qurbanovun yetirmələri həm də kubokun son qalibi idi. “Qarabağ” ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq, özünün sahib olduğu rekordu yeniləmək arzusundaydı. Belə olacağı halda, Ağdam klubu həm də “qızıl dubl”a imza atacaqdı. Çünki Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olmuşdu.
Tarixində ilk dəfə Azərbaycan Kubokunda final həyəcanı yaşayan “Sabah” isə birinci titulunu əldə etməyə köklənmişdi. Bakı klubu qalib gəlsə, kubokun sahibi olacaq 10-cu komanda kimi tarixə düşəcəkdi.
“Qarabağ”la “Sabah” kubokun finalında ilk dəfə üz-üzə gəlirdilər. Əvvəlki 30 finalda 23 fərqli cüt qarşılaşmışdı. Bu cütlük finallar tarixində 24-cü olub.
Finalçıların baş məşqçiləri də həlledici matça fərqli göstəricilərlə çıxmışdılar. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olan mütəxəssis idi. Ağdam klubu ilə 6 kubok qazanmış təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləyəcəkdi. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci kuboka sahib olmaq istəyirdi.
Vasili Berezutski isə “Sabah”ın baş məşqçisi postuna cari mövsümün gedişində gəlib. Debüt mövsümündə finala yüksəlmiş rusiyalı mütəxəssis kuboku qazanan 17-ci məşqçi kimi tarixə düşə bilərdi. Buna qədər 16 mütəxəssis Azərbaycan Kubokunda belə uğura imza atmışdı.
120 dəqiqə davam edən və 5 qolun qeydə alındığı bu gərgin qarşılaşmanın yekununda sevinən tərəf “Sabah” olub. İlk dəfə Azərbaycan Kubokunda belə zəfər yaşayan “bayquşlar” həm də Avropa Liqasına vəsiqə qazanıblar.
Azərbaycan Kuboku
Final
31 may
“Qarabağ” – “Sabah” 2:3
Qollar: Kadi Borges, 45+1. Con İrasabal, 68-öz qapısına – Pavol Şafranko, 36-pen. Kahim Parris, 90+7. Tellur Mütəllimov, 120.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Fərid Hacıyev.
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 17. Tellur Mütəllimov, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namiq Ələsgərov, 2. Amin Seydiyev, 6. Abdulla Xaybulayev, 32. Elgün Dünyamalıyev, 4. Sofian Çakla, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.


