“Latsio” Baroni ilə vidalaşdı, Sarrini qaytardı

İtaliya paytaxtı Romanın təmsilçisi “Latsio” italyan mütəxəssis Mauritsio Sarrini “qartallar”ın sükanı arxasına geri qaytarıb.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Sarri komandanın sükanı arxasında bu gün, iyunun 2-də istefaya göndərilmiş 61 yaşlı italyan mütəxəssis Marko Baronini əvəzləyib. Sarrinin “qartallar”la müqaviləsinin müddəti açıqlanmayıb.

“Mauritsio Sarri evinə qayıdıb. Onun qayıdışı – qəlbinin, məsləyinin və oyun baxışının seçimidir. Onunla biz, xeyli erkən yarımçıq qalmış yolumuzu bərpa etmək istəyirik, başa düşərək ki, birlikdə biz komandaya şövqünü, simasını və iddialarını geri qaytara bilərik. Evinə xoş gəldin, Komandir”, deyə klubun prezidenti Klaudio Lotito car çəkib.

Xatırladaq ki, Mauritsio Sarri 2024-cü ilin mart ayının 13-də 2021-ci ilin iyun ayından çalışdırdığı “Latsio”nun sükanı arxasından istefa vermişdi. 66 yaşlı mütəxəssisin “qartallar”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. İtalyan mütəxəssisin bu qərarında pərdəarxası məqamların olduğu bildirilirdi.

Sarrinin bu komandanın sükanı arxasındakı fəaliyyətinin ümumi mənzərəsi belədir: 137 oyun, 65 qələbə, 30 heç-heçə, 42 məğlubiyyət. 66 yaşlı mütəxəssisin rəhbərliyi altında “qartallar” 204 qol vurublar, 159 qol buraxıblar.

“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.

Marko Baroniyə gəlincə, 61 yaşlı mütəxəssis 2024-cü ilin iyulundan paytaxt təmsilçisinə rəhbərlik edirdi. İtalyan məşqçi “qartallar”ın sükanı arxasında 52 oyuna çıxıb, 27 qələbə, 13 heç-heçə və 12 məğlubiyyət görüb. Baroni daha öncə “Rondinella”, “Montevarçi”, “Karrareze”, “Südtirol”, “Ankona”, “Syena”, “Kremoneze”, “Virtus Lansano”, “Peskara”, “Novara”, “Benevento”, “Frozinone”, “Recina”, “Leççe” və “Verona” kimi komandalara da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: