Fabian Ruisin evi soyuldu

Fransa nəhəngi PSJ-nin 29 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Fabian Ruisin evi oğrular tərəfindən qarət edilib.

Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.

Hadisə Bazar ertəsi günü, iyunun 2-də baş verib – PSJ Çempionlar Liqasının finalında “İnter”i 5:0 hesabı ilə məğlub edib mötəbər qənimətə ilk dəfə sahib olduqdan bir gün sonra. Qarəti törətməkdə ittiham edilən iki azyaşlı cinayət yerində polis tərəfindən ələ keçirilib. Hüquq-mühafizə orqanları hadisəni araşdırırlar, Ruisə dəymiş ziyan hesablanır.

Əlavə edək ki, bu PSJ-nin oyunçularaına qarşı ilk oğurluq deyil. 2023-cü ildə parislilərin italyan qapıçısı Canluici Donnarumma silahlı basqına məruz qalmış, onun evi isə qarət edilmişdi. Donnarummaya o vaxt 500 min avro məbləğində ziyan dəymişdi.

Fabian Ruis PSJ-yə 2022-ci ilin avqust ayında “Napoli”dən 22,50 milyon avro məbləğ müqabilində keçib. İspan futbolçu Fransa nəhəngi ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

2024/2025-ci illər mövsümündə Rusi Paris komandasının heyətində 54 oyuna çıxıb, 5 qol vurub, 10 məhsuldar ötürmə verib.

Ruis əvvəllər “Betis” və “Elçe”nin də uğurları üçün çalışıb.

Fabian Ruis 2019-cu ilin iyun ayında debüt etdiyi İspaniya yığmasının heyətində 37 oyuna çıxıb, 6 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: