Müqavilə ilə İtaliyanın “Yuventus” klubuna məxsus olan serbiyalı sol cinah yarımmüdafiəçisi Filip Kostiç “Fənərbağça”dan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xdiməti məlumat yayıb.
Türkiyə klubu serb oyunçunu 2024-cü ilin sentyabrında 2024/2025-ci illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürmüşdü. Amma İstanbul təmsilçisi icarə müddəti bitmiş 32 yaşlı futbolçunun satın alınmasına ehtiyac duymayıb və onunla yollarını ayırıb.
Filip Kostiç Serbiyanın “Radniçki” klubunun yetirməsidir. “Qroningen”, “Ştutqart”, “Hamburq”, “Ayntraxt” kimi klubların da şərəfini qorumuş 31 yaşlı vinger “Yuventus”a 2022-ci ilin avqustunda 14,7 milyon avro qarşılığında keçmişdi. O, Turin klubunun heyətində 87 oyun keçirib, 3 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Kostiçin “Fənərbağça”nın heyətindəki çıxışı isə 35 oyun, 2 qol və 9 məhsuldar ötürmədən ibarətdir.
Kostiç 2015-ci ilin iyununda debüt etdiyi Serbiya yığmasında 64 oyun keçirib, 3 qol vurub, 12 assist edib.
“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5,5 milyon avro məbləğində qiymətləndirir.


