Portuqaliya yığmasının kapitanı, 40 yaşlı veteran hücumçu Kristiano Ronaldo özünə məxsus olan qol rekordlarını yeniləyib.
Arena.az məlumat verir ki, ulduz futbolçu UEFA Millətlər Liqasının finalında İspaniya yığması ilə oyunda (2:2, penaltilərlə 5:3) komandasının ikinci bərabərlik qoluna imza atmaqla, karyerası ərzində vurduğu qolların sayını 938-yə çatıdırıb.
Bununla da “Kriş” özünə məxsus olan, qolçuluq üzrə mütləq dünya rekordunu yeniləyib.
Bu qol Ronaldonun həmçinin milli komandası üçün 221-ci oyununda vurduğu 138-ci qoldur. Hər iki göstərici mütləq dünya rekordudur.
Xatırladaq ki, Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 2003-cü ilin avqust ayında debüt edib və artıq 22 ildir milli komandasının uğurları üçün çalışır.
Həmçinin Ronaldo UEFA Millətlər Liqasının final oyunlarının ən yaşlı futbolçusu kimi tarixə düşüb. Oyun günü Ronaldo 40 yaş 203 günlüyündə olub.
Kristiano Ronaldo Portuqaliya yığması ilə 3-cü qənimətinin qazanıb. Buna qədər “Kriş” Avropa çempionatının (AÇ-2016) və UEFA Millətlər Liqasının (ML-2019) qalibi olmuşdu.
Oyundan sonra sevinc göz yaşlarına hakim ola bilməmiş “Kriş” duyğularını paylaşıb:
“Mən çox xoşbəxtəm. Hər şeydən əvvəl – bu nəsil üçün, o bu, qənimətə yaliqdir. Portuqaliya üçün qələbə qazanmaq – bu, nəsə xüsusi məqamdır. Mənim çoxlu qənimətlərim var, amma öz ölkən üçün qələbə qazanmaqdan yaxşı heç nə yoxdur. Göz yaşları və borcunu ödəməyindən doğan duyğu… Bu, gözldir. Bu, bizim millətimizdir. Biz kiçik bir xalqıq, amma böyük iddialara malikik. Mən bir çox ölkədə yaşamışam, müxtəlif klublarda oynamışam, amma Portuqaliya yığması haqda danışanda – bu, xüsusi duyğudur. Bu nəslin kapitanı olmaq – bu, qürurdur. Finalda qələbə – milli komanda üçün həmişə zirvədir”, – “Marca” nəşri Ronaldodan sitat gətirir.


