“Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə oyunlarına ən çox azarkeş toplayan komanda olub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib. Baş tutan 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub.
Ev oyunlarındakı izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 seyrçi toplayıb. Tovuz klubu ikinci yerdən təxminən 2 dəfə önədir. Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə qərarlaşıb.
Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir. 23-cü turda “Neftçi” – “Qarabağ” oyununda 9355, 31-ci turda “Qarabağ” – “Neftçi” görüşündə 7200, 15-ci turun “Neftçi” – “Qarabağ” matçında 7069 seyrçi qeydə alınıb. “Sumqayıt” – “Qarabağ” (9-cu tur, 7000 tamaşaçı) və “Turan Tovuz” – “Qarabağ” (28-ci tur, 6500 tamaşaçı) oyunları da ilk “beşlik”də yer alıb.
| # | Komanda | Ümumi tamaşaçı | Oyun sayı | Orta tamaşaçı |
|---|---|---|---|---|
| 1 | Turan Tovuz | 78,500 | 18 | 4,361 |
| 2 | Neftçi | 39,767 | 18 | 2,209 |
| 3 | Sumqayıt | 33,450 | 18 | 1,858 |
| 4 | Qarabağ | 31,130 | 18 | 1,729 |
| 5 | Sabah | 23,886 | 18 | 1,327 |
| 6 | Şamaxı | 20,900 | 18 | 1,161 |
| 7 | Kəpəz | 18,600 | 18 | 1,033 |
| 8 | Zirə | 13,550 | 18 | 753 |
| 9 | Səbail | 11,550 | 18 | 642 |
| 10 | Araz-Naxçıvan | 4,600 | 18 | 256 |
| Cəmi | 275,933 | 180 | 1,533 |



